04.03.2021

Təhsil işçilərinin vaksinasiyası davam edir  

Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir. Bu proses paytaxtın ümumtəhsil məktəblərində yaradılmış 10 peyvənd məntəqəsində aparılır.  Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur. Vaksinasiya prosesinə ilkin olaraq yaşı 50 və daha yuxarı olan 20 000 nəfərə yaxın pedaqoji və texniki heyətin cəlb olunması planlaşdırılır.

 

Qeyd edək ki,  martın 3-dən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir.