15.12.2021

Lütfi Zadə adına Beynəlxalq Olimpiada keçiriləcək

20-25 dekabr 2021-ci il tarixlərində dünya şöhrətli Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına Beynəlxalq Olimpiada keçiriləcək. 


Lütfi Zadənin 100 illiyinə dair tədbirlər planı çərçivəsində nəzərdə tutulan olimpiada məktəblilər arasında riyaziyyat və informatika fənləri üzrə təşkil ediləcək. Olimpiadada dünyanın müxtəlif ölkələrindən məktəblilər iştirak edəcəklər. Onlayn keçirilməsi planlaşdırılan olimpiadaya yaşı 18-dən çox olmayan məktəblilər qatıla biləcəklər. 


Dekabrın 20-də olimpiadanın onlayn formatda açılış mərasimi, dekabrın 22-də  riyaziyyat,  dekabrın 23-də informatika fənni üzrə yarış günü, dekabrın 25-də isə qaliblərin elan edilməsi və bağlanış mərasiminin təşkili nəzərdə tutulur.


Riyaziyyat fənni üzrə iştirakçılara 4 tapşırıq və bu tapşırıqların həlli üçün 4 saat 30 dəqiqə vaxt, informatika fənni üzrə isə iştirakçılara 4 tapşırıq və onların həlli üçün 5 saat vaxt veriləcək.

 

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd görkəmli alim Lütfi Zadə və onun elmə verdiyi töhfələr barədə dünya məktəblilərini daha çox məlumatlandırmaq,  ayrı-ayrı ölkələrdən olan istedadlı gənclər arasında dostluq münasibətlərinin qurulmasını təmin etmək, məktəblilərdə riyaziyyat və informatika fənlərinin dərindən öyrənilməsinə maraq yaratmaqdan ibarətdir. 
 


Açar sözlər: ,