21.06.2021

Direktorların işə qəbulu üzrə müsahibələrə start verilir

İyunun 21-dən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

 

İlkin müsahibələrdə balı 36-dan çox olan və şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrində işləmək istəyən 135 namizəd iştirak edəcək.

 

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda “Microsoft Teams” platforması vasitəsilə S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasında təşkil ediləcək.

 

Qeyd edək ki, hər günün sonunda Təhsil Nazirliyinin rəsmi internet saytındakı müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan ediləcək. Namizədlər hansı kateqoriya üzrə vakansiyaya uyğun olub olmadıqları barədə məlumatla tanış olmaq imkanı əldə edəcəklər.

 

Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (təhsil haqqında sənəd və ona əlavənin əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.

 

Təhsil Nazirliyi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzulayır!