16.09.2020

432 şagird yerlik yeni məktəb binası kollektivin istifadəsinə verilib

Saatlının ucqar yaşayış məntəqəsi olan Orta Muğan kəndində 432 şagird yerlik yeni məktəb binası kollektivin istifadəsinə verilib. Təhsil ocağı Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib.

Məktəbin direktoru Zakir Tağıyev bildirib ki, Orta Muğanda ilk dəfə 1930-cu ildə 4 illik siniflər üzrə tədrisə başlanılıb, 1958-ci ildə isə ümumi orta təhsil müəssisəsi yaradılıb. 1975-ci ildə isə inşa edilən məktəb binası isə tam orta məktəb kimi fəaliyyət göstərib. Son illər bina istismar müddətini başa vurduğu üçün tədrisdə bir sıra çətinliklər yaranırdı. Lakin yeni binanın inşası artıq bu çətin günləri geridə qoyur. Müasir standartlara uyğun inşa edilən binada bütün zəruri şərait yaradılıb.

432 şagird yerlik məktəb binası 2 mərtəbə və 3 blokdan ibarətdir. Binada 18 sinif otağı və fənn kabinələri, iclas və idman zalları, bufet var. Sinif otaqları və fənn kabinələri, zallar lazımi inventarlarla təmin edilib. Həmçinin məktəbin ərazisində stadion yaradılıb. Məktəbin həyətində abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb.

Məktəb direktoru qeyd edib ki, ucqar kənddə belə bir tədris binasının istifadəyə verilməsi ölkə təhsilinə, o cümlədən Saatlıda tədrisin keyfiyyətinin yüksəldilməsinə göstərilən qayğının bariz nümunəsidir. O, həm kollektiv, həm də kənd sakinləri adından Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Yeni məktəb binasının inşası müəllim kollektivi ilə yanaşı, şagird və valideynləri də sevindirib.

 


Açar sözlər: ,  ,