10.04.2018

“Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda maarifləndirici tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti  icra edən Telman Ağayev, Saatlı şəhər Səməd Vurğun adına 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştrirak ediblər.

Tədbiri giriş sözü ilə Saatlı Rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Telman Ağayev açaraq qeyd edib ki, Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər üzərində və vətənpərvərlik ruhunda tərbiyə edilməsi, gənclərin xalqımızın adət-ənənələrinə hörmətlə yanaşması uğurlu gələcəyimizin zəmanətidir.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxışında dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verərək, dini radikalizmə qarşı mübarizədə elm və təhsilin əhəmiyyətini vurğulayıb. O, “Şəhadət” sənədli filminin əhəmiyyətindən danışaraq bildirib ki, filmdə dini fanatizmin, radikalizmin təsirinə məruz qalaraq qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqlarından bəhs olunur və film gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir.

Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb