11.10.2017

Bir layihənin tarixçəsi - “Fərqli şagirdlərə fərdi yanaşma”

Gülnar Muxtarova  - Saatlı rayon, Qarayevkənd kənd orta məktəbin ibtidai sinif müəllimi - Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində qalib olmuş “Fərqli şagirdlərə fərdi yanaşma” layihəsinin müəllifi.

Bir layihənin tarixçəsi - “Fərqli şagirdlərə fərdi yanaşma”. İbtidai siniflərdə mövzuların şagirdlər tərəfindən eyni qaydada mənimsənillməməsi problemi vardır. Təbii ki, bu hallar şagirdlərin bilik və bacarığından birbaşa asılıdır. Eyni zamanda müəllimin bacarığı burada böyük rol oynayır. Bəzən isə mövcud şəraitlər lazımı məqsədlərə çatmağa mane olur. Xüsusilə kənd məktəblərində, maddi texniki bazanın zəif olduğu mühitdə bu özünü daha çox biruzə verir.

İki ildir ki işlədiyim Saatlı rayon Qarayevkənd kənd orta məktəbində ibtidai sinifdə çox fərqli və istedadlı şagirdlərim var. Lakin sinifin ümumi səviyyəsi onların inkişafına maneə olur. Bir sinifdə olan zəif qavrayışlı şagirdlər zehnli şagirdlərə mane olur nəticədə istedadlı şagirdlər həvəsdən düşür və özlərini biruzə verə bilmirlər. Ən çox riyaziyyat və Azərbaycan dilindən problemlər yaranır. Ötən tədris ilində yeni qəbul olmuş müəllimlərlə birlikdə şagirdlər üçün dərsdənkənar məşğələlər təşkil etdik. Nəticə yaxşı olsa da bunu davamlı etmək resurs baxımından çətin oldu. Paralel siniflərdə oxuyan şagirdləri ümumi olaraq güclü və zəiflərə ayırıb hər iki qrupa ayrıca dərslər keçirdik. Nəticədə zəif şagirdlər özlərində güc tapıb orta səviyyəyə qalxa bilirdi, güclülər də öz potensialalrını daha da genişləndirirdi. Şagirdlərin dəyişikliyi dərslərdə özünü göstərirdi.

Əfsuslar olsun ki, maliyyə və resurs azlığından bunu yalnız 1 ay davam etdirə bildik. Ötən ilki statistikaya görə əlaçı şagirdlərin sayı aşağıdakı kimidir: 1-ci sinifler : 47 şagirddən 20-si 2-ci siniflər: 54 şagirdən 13-ü 3-cü siniflər: 33 şagirddən 5-i. Bu statistika da şagirdlərin yuxarı siniflərə keçdikcə bütün fənləri əla oxumaq həvəsindən düşdüklərini göstərir. Nəticə yuxarı siniflərdə özünü daha kəskin biruzə verir. Məqsəd problemin qarşısını aşağıda, ibtidai təhsildə almaqdır.

Bu il Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin elanını görəndə çox sevindim. Düşündüm ki, şagirdlərimiz üçün təşkil etdiyimiz əlavə kursları layihə çərçivəsində yenidən edə bilərəm. Bunu nəzərə alaraq qrant müsabiqəsinin “Şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili” istiqaməti üzrə “Fərqli şagirdlərə fərdi yanaşma” adlı layihə təklifi yazaraq müsabiqəyə göndərdim.

Təhsil Nazirliyinin ekspert komissiyasının şəffaf seçim edəcəyinə inanırdım. Çox istəyirdim ki, ilk qrant müsabiqənin qaliblərindən biri olub Qarayev kənd orta məktəbin şagirdləri üçün faydalı bir iş görüm. Çox sevinirəm ki, istəyim və arzum reallaşdı. Adımı Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibləri arasında görəndə sevincimin həddi-hüdudu yox idi.

“Fərqli şagirdlərə fərdi yanaşma” adlı layihəmin əsas məqsədi ibtidai sinif şagirdlərinin nailiyyətlərinin dərsdənkənar fəaliyyət ilə yüksəltməkdir. Bu məqsədə çatmaq üçün layihə çərçivəsində 3 ay ərzində aşağıdakıları etməyi planlamışam:

1. İlkin olaraq 2, 3 və 4-cü siniflərdə Azərbaycan dili və riyaziyyat fənni üzrə şagirdlərin ümumi bilik səviyyəsi və dərs qavrama səviyyəsi müəyyənləşdiriləcək.

2. Şagirdlər hər sinif üzrə 2 qrupa – güclülər və zəiflər olaraq ayrılacaq.

3. Dərsdən sonra sinif müəllimlərinin iştirakı ilə qrafik üzrə həm zəif həm də güclülər qrupuna əlavə məşğələlər keçiriləcək.

4. Əlavə məşğələ qruplarında dərslə yanaşı sinifdənxaric oxu, istedadlı və bacarıqlı şagirdlərin üzə çıxarılması üçün əlavə dərslər təşkil olunacaq.

Artıq layihəmin hazırıq mərhələsi geridə qalıb. Şagirdlərin seçimi, qruplara komplektləşdirilməsi, mənimlə birlikdə digər qruplarda da dərs deyəcək müəllimlər seçilib. Bu işdə məktəbimizin direktoru, hər zaman mənim yeni fikir və ideyalarıma qayğı ilə yanaşan və dəstək olan Zakir müəlimin də böyük köməyi olub. Zakir müəllim səsləndirdiyim, həyata keçirmək istədiyim bütün ideyalarımda mənim ilk dəstəkçim olur. Əminəm ki, rəhbərlik tərəfindən olan bu cür diqqət və qayğı nəticəsində layihəmin hədəflərinə tam olaraq çatacam.