12.06.2017

“Həmkardan həmkara dəstək” layihəsi iştirakçıları üçün imtahan keçirilib.

Saatlı şəhər 2 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Həmkardan həmkara dəstək” layihəsinin başa çatması ilə əlaqədar olaraq müəllimlər üçün imtahan keçirilib.

Layihənin keçirilməsində məqsəd diaqnostik qiymətləndirmə zamanı zəif nəticə göstərmiş müəllimlərin peşəkarlığının artırılmasıdır.

4 fevral 2017-ci ildən start verilən təlimlərdə ingilis dili, fizika, biologiya, tarix, informatika və coğrafiya müəllimləri olmaqla 86 müəllim iştirak edib.

Təlimlərdə diaqnostik qiymətləndirmə zamanı yüksək nəticə əldə etmiş 9 müəllim könüllü olaraq təlimçi kimi fəaliyyət göstərib.

Təlimlərin sonunda Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin keyfiyyətin təminatı sektorunun müdiri Almaz Əsgərova təlimçi müəllimlərlə görüş keçirib. Görüş zamanı Almaz Əsgərova qeyd edib ki, birgə fəaliyyətin nəticəsində müəllimlərin peşəkarlığının artırılmasında yüksək nəticələr əldə olunub. Təlimlərin uğurla bitməsində könüllü olaraq təlimçi vəzifəsində fəaliyyət göstərən və həmkarlarına dəstək olan müəllimlərin əməyi yüksək qiymətləndirilir.