31.01.2020

Dövlət İmtahan Mərkəzi qəbul qaydaları ilə bağlı Saatlı rayonunda seminarlar keçirib

Dövlət İmtahan Mərkəzi qəbul qaydaları ilə bağlı Saatlı rayonunda seminarlar keçirib.

Plenar iclasda və seminarlarda Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Saatlı, Sabirabad və İmişli rayonlarının müvafiq fənn müəllimləri, metodistlər, məktəb direktorları, təhsil şöbələrinin nümayəndələri iştirak ediblər.

Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili, DİM-in yeni layihə və nəşr işləri haqqında ətraflı məlumat verib. 

Azərbaycan dili üzrə seminarda DİM-in şöbə müdiri Afiqə Batıyeva buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin müəllimi Saməddin İbrahimov buraxılış və qəbul imtahanları proqramı, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat verib.

Riyaziyyat fənni üzrə seminarda “Gənc İstedadlar” liseyinin müəllimi Aqşin Abdullayev buraxılış və qəbul imtahanlarında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqramlar haqqında məlumat verərək tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib. 

Tarix fənni üzrə seminarda isə Heydər Əliyev adına liseyin müəllimi Hafiz Cabbarov qəbul proqramı, yeni tapşırıq nümunələri və imtahan modeli haqqında məlumat verib.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Açar sözlər: ,  ,