21.02.2019

21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Saatlı rayon  ümumtəhsil müəssisələrində 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Məktəblərdə  “Ana dilimizi sevək və qoruyaq”, “Dilimiz - dəyərimizdir”, "Ana dilim - doğma dilim", “Ana dilimiz - milli sərvətimizdir”, “Mənim dilim” və digər mövzularda tədbirlər, inşa yazı müsabiqələri, ədəbi-bədii kompozisiyalar, “dəyirmi masa”lar, xüsusi dərslər və məşğələlər təşkil edilib.

Təhsil şöbəsinin nümayəndələri, müəllim, valideyn və şagirdlərin iştirak etdikləri tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib.

Tədbirlərdə şagirdlərlə ana dilinin varlığını hiss etmək, onu qorumaq və inkişaf etdirməklə bağlı söhbətlər aparılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.

Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr olunan videoçarxlar da nümayiş etdirilib.

Beynəlxalq Ana Dili Gününün məktəblərdə qeyd olunmasında əsas məqsəd Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötürmək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaqdır.


Açar sözlər: ,  ,  ,