20.02.2019

“Erkən nikah və narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Qıraqlı kənd tam orta məktəbdə Rayon Polis İdarəsinin təşkilatçılığı ilə “Erkən nikah və narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə erkən nikahın yaratdığı problemlərdən, narkomaniya və psixotrop maddələrin fəsadlarından geniş bəhs edilib. Bildirilib ki, narkomaniya və erkən nikah cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amillərdir.

Təhsil şöbəsinin müdiri Seyidağa Kazımov qeyd edib ki, erkən nikah və narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparır, bu mövzuda tez-tez maarifləndirici tədbirlər keçir.

Saatlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyev bu bəlaya düçar olanların potensial cinayətkarlara çevrildiklərini vurğulayıb. O bildirib ki, narkomaniya və gənclərin erkən nikaha cəlb olunması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.


Açar sözlər: ,  ,