10.01.2019

“Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

Varxankənd kənd tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilən maarifləndirici tədbirdə şagirdlər “ağ ölüm”ün törətdiyi fəsadlar haqqında maarifləndirilib.

Tədbirdə Rayon Polis Şöbəsinin, təhsil şöbəsinin “Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin əməkdaşları çıxış edərək, ölkəmizdə gənc nəslin sağlam böyüməsinə xüsusi qayğı ilə yanaşıldığını, narkomaniyaya qarşı ardıcıl mübarizə aparıldığını diqqətə çatdırıblar.

Bildirilib ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın reallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətdən danışan iştirakçılar məktəblilər arasında geniş təbliğat və izahat işlərinin vacibliyini diqqətə çatdırıb.

Qeyd olunub ki, pedaqoji kollektivlər məktəblilərin davranışlarını müntəzəm izləməli, siqaret çəkən və digər xoşagəlməz hərəkətlərə yol verən şagirdləri müəyyənləşdirərək aidiyyəti orqanlara vaxtında məlumat verməlidirlər.

Çıxışlarda uşaqların zərərli vərdişlərdən mühafizəsi üçün hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyi bildirilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,