04.12.2018

Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi–Yarmarkası

Beynəlxalq Əlillər Günü ilə əlaqədar Bakı şəhərində, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi–Yarmarkası işə başlayıb.

Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsinin təşkilində məqsəd həmin şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının dəstəklənməsidir. Tədbir nazirliyin “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur.

Üç gün davam edəcək tədbirdə ölkəmizin müxtəlif bölgələrindən fiziki məhdudiyyətli 250 nəfərdən çox şəxsin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələrdən ibarət 1500-dən çox əl işi nümayiş olunur. Sərgidə, eyni zamanda, əl işlərinin satışı təşkil edilib. Bu da əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcı əməyinin maddi baxımdan stimullaşdırılması məqsədi daşıyır.

Tədbirin ilk günü bacarıq və qabiliyyəti ilə fərqlənən iştirakçılar müvafiq nominasiyalar üzrə mükafatlandırılacaq.

Saatlı rayon Hacıqasımlı kənd tam orta məktəbin X sinif şagirdi Nurlan Haqverdiyev öz əl işlərini sərgiləmiş və münsiflər heyətinin seçiminə əsasən “Suvenir” nominasiyası üzrə I yeri qazanıb. BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai tərəfindən Nurlan Haqverdiyevə diplom təqdim olunub.