27.11.2018

“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon 2 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyev bu gün bəşəriyyətin sağlam həyat tərzini pozan və onun ən ağrılı problemlərindən biri olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və onun gətirdiyi saysız-hesabsız bəlalardan söz açıb. O, narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəkləri neqativ hallardan söz açan A. Tağıyev bu bəla ilə mübarizə yolları haqqında geniş məlumat verib, gəncləri diqqətli olmağa və sağlam həyat yaşamağa, daim biliklərini və təhsillərini artırmağa çağırıb.

Sonda narkotik maddələrin zərərlərindən bəhs edən videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,  ,