15.03.2018

Məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tura qoşulublar

Saatlı rayon məktəbliləri respublikada həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tura qoşulublar. Rayon ümumtəhsil məktəblərinin 40 nəfər  - IX-XI sinif şagirdləri və onları müşayiət edən müəllimlər Gəncə-Şəmkir-Göygöl marşrutu ilə qərb bölgəsinə yola çıxıblar. Tur-aksiya 15-18 mart  tarixlərini əhatə edəcək.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra şagirdlər rayondakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.

Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Anar Ağakişiyev deyib: “Onuncu dəfədir ölkəmizdə məktəblilər üçün belə bir aksiya təşkil edilir. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagird və müəllimlər müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcək”.

Tur-aksiyanın digər iştirakçıları – Nərimankənd kənd tam orta məktəbinin X sinif şagirdi Səbuhi Rzayev, şəhər 4 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Gülbikə Balaşova və başqaları bu səyahətin təşkilindən razılıqlarını bildirib, səfərdən zəngin təəssüratla qayıdacaqlarına əminliklərini ifadə ediblər.

Sonra məktəblilər xüsusi avtobusla yola salınıb.