09.02.2018

”Əcdadlarımızın ruhu ilə təmasda” adlı tədbir keçirilib

Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyi və şəhər 1 nömrəli ümumi orta məktəbin təşkilatçılığı ilə ”Əcdadlarımızın ruhu ilə təmasda” adlı tədbir keçirilib.

Tədbirdə ilk olaraq Muğan zonasına mənsub olan qədim adət və ənənələrindən bəhs edən səhnəciklər nümayiş olunub. Səhnəciklərdə nehrə çalxanır, xalça toxunur, payız şumunu başa vuran oğlanlar isə aşıq-aşıq oyunu oynayırlar. Şagirdlər Azərbaycan etnoqrafiyası və məişət tərzi ilə yaxından tanış olub, qədim əmək nəğmələri, bayatılar söyləyiblər.

“Milli köklərə, milli dəyərlərə qayıdış hər kəsi düşündürməlidir”, - deyən təhsil şöbəsinin müdir müavini Şöhrət Bədəlov bildirib ki, biz bu gün milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub-yaşatmaqla, xalq yaradıcılığı sahələrinə yeni həyat verməklə əslində milli kimliyimizi qoruyuruq. Ona görə də hər bir rayonun, kəndin milli dəyərlər sistemi ardıcıl öyrənilməli, unudulmaqda olan dəyərlər bərpa olunmalıdır.

Sonda Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova ”Ermənilər Azərbaycana gəlmədir” adlı mühazirə söyləyib.

Tədbirin keçirilməsində əsas məqsəd milli dəyərlərə bağlılıq tarixi-mədəni irsin qorunması, milli dəyərləri yaşatmaqdır. Bir tərəfdən keçmişimizə və gələcəyimizə ehtiramımızı bildiririk, digər tərəfdən isə xalqımızın əsrlər boyu formalaşmış sənətkarlıq mədəniyyətini, həyat tərzini, məişətini, bir sözlə, milli dəyərlər sistemini yaşadırıq.