18.01.2018

Şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub

Qanlı Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ərəfəsində Saatlı rayon Əliabad kənd ümumi orta məktəbin şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.

Məktəbin direktoru Şakir Əsədov bildirib ki, şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması baxımından məktəblilərin Şəhidlər xiyabanına təşkil olunan ziyarətləri böyük əhəmiyyət daşıyır.

Ziyarət zamanı məktəbin müəllimləri Sənan Əsədov və Naibə Əsədova şagirdlərə 20 Yanvar faciəsi barədə dolğun məlumat verib, xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa çağırıblar. 20 Yanvar hadisələrinin başvermə səbəblərindən və acı nəticələrindən danışan müəllimlər bu faciənin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu diqqətə çatdırıblar.

Sonda müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.